Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihədir

2023.01.12 12:45 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdikdən sonra yeni bir nəqliyyat dəhlizinin yaranması üçün münbit şərait formalaşıb. Dünya iqtisadiyyatının inkişaf perspektivləri, eləcə də ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynaması nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılması zamanın zərurətinə çevrilib.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən deyib: “Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.

Beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar həcmində olacaq. Bu məbləğin çox olması daşınan yüklərin də həcminin artacağından xəbər verir. Yükdaşımalarının 10 faizi Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilərsə, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəlir əldə etmək imkanına malik olacaq. Dəhlizin genişləndirilməsi və Orta Asiya respublikalarından başqa Çinin və Asiyanın digər ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Zəngəzur dəhlizindən qurularsa, gəlirin həcmi 5 milyard dollara qədər arta bilər. Bu baxımdan Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Zəngəzur dəhlizi Azərbaycan, bəzi qonşu dövlətlər və daha böyük coğrafiya üçün strateji layihədir” fikri diqqəti çəkir.

Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yolla yüklər zaman baxımından mənzil başına daha tez çatdırılacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Yol boyu texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti ortaya çıxacaq ki, bu da əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Həmçinin yükünü Zəngəzur dəhlizi ilə daşıyan dövlətlər və transmilli korporasiyalar regionun sabitliyində maraqlı olacaqlar. Azərbaycan beynəlxalq aləmdə daha nüfuzlu və güclü dəstəyi olan dövlətə çevriləcək.

AZƏRTAC