Azərbaycanda nar istehsalının illik həcminin 180-190 min ton olduğu nəzərə alınarsa, ölkəmiz ilk illərdə Avropa bazarına 10 min tona yaxın nar məhsulu ixrac edə bilər.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu il Mərkəzi və Şərqi Avropa ölkələrinə nar ixrac etməyi nəzərdə tutur. Avropa ölkələrində Azərbaycan narına marağın olduğunu söyləyən F.Qaraşov qeyd edib ki, ixracın həcminin nə qədər olacağı məhsulun maya dəyərinin formalaşmasında mühüm rol oynayan logistika xərclərindən də asılı olacaq.
F.Qaraşov əlavə edib ki, İtaliya, İspaniya, Mərakeş, Misir və Türkiyədə yetişdirilən nar Avropa bazarında Azərbaycan məhsulları üçün rəqib hesab olunsa da, Azərbaycan narı öz dadı və keyfiyyətinə görə onlardan daha üstün sayılır.
Assosiasiya sədri qeyd edib ki, ötən il narın məhsuldarlığının qənaətbəxş olmasına baxmayaraq, mövcud münaqişələr və logistik çətinliklərlə əlaqədar Azərbaycanın ənənəvi ixrac bazarlarında müəyyən problemlər müşahidə edilib: “Təəssüflər olsun ki, bu il bizdən asılı olmayan səbəblər üzündən ixrac həcmimiz aşağı düşdü. Ukrayna bazarını itirilmiş hesab edirik. Rusiyada alıcılıq qabiliyyəti aşağı düşdüyündən buraya da ixracımız kəskin azaldı. Hazırda Rusiya bazarlarına kiçik həcmdə son nar məhsulu ixrac edirik”.