Azərbaycanla Özbəkistan arasında ilk dəfə eTIR proseduru tətbiq edilib

2023.01.10 15:40 (UTC+04:00)

İlk dəfə olaraq Azərbaycan və Özbəkistan arasında malların çatdırılması yeni eTIR elektron sistemi vasitəsilə həyata keçirilib.

"vergiler.az" BMT-nin yaydığı məlumata istinadən xəbər verir ki, quru və təzə meyvələrdən ibarət olan 4 yük konteyneri ilkin olaraq yük maşını ilə Daşkənd hava limanına, oradan isə təyyarə ilə Bakıya çatdırılıb.

Məlumatda daşıma şəraitinin yaxşılaşdırılmasının Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafında mühüm amillərdən biri olduğu, TIR layihəsinin isə bu ideyanın real təcəssümünə çevrildiyi qeyd olunur.

1975-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının himayəsi altında “TIR karneti altında yüklərin beynəlxalq daşınmasına dair Gömrük Konvensiyası” qəbul edilib.

Konvensiyanın məqsədi sərhəd keçidlərində malların rəsmiləşdirilməsi prosedurlarını sadələşdirən yükdaşıma sisteminin yaradılmasıdır.

eTIR prosedurunun tətbiqi 2021-ci ilin may ayında qüvvəyə minən TIR Konvensiyasına 11 saylı Əlavənin qəbulundan sonra mümkün olub. Bu əlavə eTIR prosedurunu, o cümlədən beynəlxalq eTIR sisteminin yerləşdirilməsi və idarə edilməsi, sahiblərin autentifikasiyası və eTIR-in həyata keçirilməsi üzrə Texniki Orqanın tərkibi, funksiyaları və prosedur qaydalarını tənzimləyir.