Ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Azərbaycan Mərkəzi Bankının (AMB) daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda Mərkəzi Bank üzrə müəyyən edilmiş tədbirlərin, həmçinin “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində müəyyənləşdirilmiş hədəflərin icrası təmin olunmaqdadır.
AMB-dən bildirilib ki, bu sahədə aparılan işlər çərçivəsində Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və yanvarın 10-dan istifadəyə verilib.
Belə ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.