Qafqazdan Avropaya elektrik xəttinin tikinti xərcləri təhlil olunacaq

2023.01.10 09:51 (UTC+04:00)

Gürcüstan Dünya Bankına “Qara dənizin dibi ilə elektrik ötürücü xətti” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 75 milyon ABŞ dolları vəsaitin ayrılmasına dair müraciət edəcək.

“vergiler.az” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Laşa Xutsişvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq bankla həm məbləğ, həm də konkret iş sahələri üzrə ilkin razılıq əldə olunub.

"Gürcüstanın təşəbbüsü ilə Qara dənizin dibi boyunca yüksək gərginlikli sualtı elektrik xətti vasitəsilə Qafqaz regionu ilə Avropanın enerji əlaqəsini nəzərdə tutan layihə üzərində işlərə başlanılıb. Bu elektrik ötürücü xətti Gürcüstan və Rumıniyanın elektrik sistemlərini birləşdirəcək”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar ki, bu da digər məsələlərlə yanaşı, Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutur.