Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına əsasən, qlobal miqyasda ən çox ticarəti edilən ərzaq mallarının beynəlxalq qiymətlərini izləyən ərzaq qiymətləri indeksi 2021-ci ilə nisbətən 14,3 faiz artaraq 2022-ci ildə orta hesabla 143,7 bənd təşkil edib. Bu, 1990-cı ildə həmin indeksin tətbiqindən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Dünya iqtisadiyyatının pandemiyanın təsirindən çıxması ilə əlaqədar indeks 2021-ci ildə əvvəlki ilə nisbətən 28 faiz artmışdı. Ötən ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ərzaq qiymətləri kəskin şəkildə artmağa başladı.
FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, çox qeyri-sabit keçən iki ilin ardından keçən ilin sonunda ərzaq mallarının qiymətlərinin sabitləşməsi müşahidə edilir. O, dekabrda indeksin aşağı düşməsini beynəlxalq bazarda bitki yağının ucuzlaşması, taxıl və ətin qiymətlərindəki azalmalar ilə izah edib. Şəkər və süd məhsullarının qiymətlərində isə cüzi artım olub.
Bununla belə, 2022-ci il ərzində FAO-nun beş qida alt indeksindən dördünün – taxıl, ət, süd və bitki yağlarının qiyməti rekord həddə yüksəlib, şəkərin qiyməti isə son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
FAO rəsmisinin sözlərinə görə, taxılın qiymət indeksi 2022-ci ildə ciddi bazar pozuntuları, yüksək enerji və nəqliyyat xərcləri, əlverişsiz hava şəraiti və güclü qlobal ərzaq tələbi kimi amillər səbəbindən 17,9 faiz artıb.