Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən "Yaxşı təcrübə" müsabiqəsində Azərbaycanın daha bir uğurlu iş təcrübəsi - ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər ən "Yaxşı təcrübə" xüsusi mükafatına layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınıb. Həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə minimal əməkhaqqının artması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, eləcə də təbliğat-maarifləndirmə işləri əmək müqavilələrinin sayının bu ilin 4 ayında 80 mindən çox artmasına imkan verib.