ABŞ-ın “Exxon Mobil Corp.” enerji şirkəti Avropa İttifaqını (Aİ) şirkətlərin mənfəətinə əlavə vergilər qoymaqla səlahiyyətlərini aşmaqda günahlandırıb və investisiyalara yenidən baxılacağını açıqlayıb. Şirkət tətbiq etdiyi əlavə vergi üçün Aİ-ni məhkəməyə verib.
Şirkətin sözçüsü qeyd edib ki, əlavə vergi tətbiq etmək konstruktiv addım deyil, şirkətlər üçün investisiya qoymağı cəlbedici etməyəcək və investorların inamını sarsıdacaq. Sözçü əlavə edib ki, “Exxon” Aİ-nin enerji sektoruna milyardlarla dollar investisiya yatırmaq üçün gələcək planlarında əlavə vergi elementini nəzərdən keçirəcək.
“Exxon”un maliyyə üzrə baş direktoru Katrin Mikells dekabrın 8-də bildirmişdi ki, Aİ-nin əlavə vergi tənzimlənməsi 2023-cü ilin sonuna qədər şirkətə ən azı 2 milyard dollara başa gələcək. Şirkət oktyabrın sonunda üçüncü rübün xalis mənfəətinin təxminən 20 milyard dollar olacağını açıqlamışdı.
Avropa Komissiyasının sözçüsü “AFP” agentliyinə verdiyi açıqlamada əlavə vergi tətbiqinin Aİ qanunlarına uyğunluğuna şübhə etmədiyini bildirib və məsələnin baxılmaq üçün məhkəməyə qaldıldığını, bu barədə son qərarı məhkəmənin verəcəyini vurğulayıb. Tətbiqin "məhdud müddət üçün tətbiq edilən həmrəylik müavinəti" olduğunu qeyd edən Komissiya sözçüsü bildirib ki, "onların hədəfi ekoloji cəhətdən təmiz iqtisadiyyata keçiddə sərmayələri cəlbedici etmək, eyni zamanda çətin vəziyyətdə olan ev təsərrüfatlarına, enerji böhranının təsirinə məruz qalan şirkətlərə və enerjidən intensiv istifadə edən sənaye sahələrinə ciddi dəstək verməkdir”.
Qeyd edək ki, son aylarda enerji qiymətlərinin sürətlə artması səbəbindən bu sektorda fəaliyyət göstərən şirkətlər mənfəətlərini qat-qat artırdığı halda, bir çox ölkədə inflyasiya pik həddə çatıb. Ona görə də enerji şirkətlərindən əlavə vergilərin tutulması zərurəti yaranıb.
Oktyabr ayında ABŞ-ın “Chevron” enerji şirkətinin baş maliyyə direktoru Pierre Breber də neft hasilatına əlavə verginin qoyulması planlarına qarşı xəbərdarlıq etmiş və bunun investorları qorxudacağını bildirmişdi.
Aİ-yə üzv ölkələr sentyabr ayında məhdud müddətə neft, təbii qaz və neft emalı şirkətlərinə əlavə mənfəət vergisi tətbiq etmək barədə razılığa gəliblər. Aİ tənzimləməsini vergi qanunlarına inteqrasiya edən Almaniya əvvəlki illərin orta göstəricisinə nisbətən mənfəəti beşdə bir nisbətində artan şirkətlərə 33 faizlik əlavə vergi qoyub. Hökumət bu addımın atılması nəticəsində əldə edilməsi gözlənilən təxminən 3 milyard avro əlavə vəsaiti istehlakçıların vəziyyətini yüngülləşdirmək üçün elektrik enerjisi qiymətlərinə maksimum həddin tətbiqinin maliyyələşdirilməsinə yönəltməyi nəzərdə tutur.