Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfəri çərçivəsində Brüsseldə Azərbaycan səfirliyinin yeni binasının açılışında iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.
Binanın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Azərbaycan Prezidenti burada yaradılan şəraitlə tanış olub, səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.