Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır. Vergilər Nazirliyindən bildirilib ki, "Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Bu siyahıda qanunla təsdiq edilmiş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olunur.
"Hasilatın pay bölgüsü haqqında" Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Eyni zamanda, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən "Hasilatın pay bölgüsü haqqında" Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.