Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

2019.05.11 12:40 (UTC+04:00)

Tədbirin keçirilməsi rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, banklarla "fintex"lər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması, habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsal bankçılıq, elektron ödənişlər və kibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi məqsədi daşıyır.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulmuşdur. Anlaşma memorandumu əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşdürülməsi, "fintex"lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaqdır.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, digər aidiyyəti dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyası, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək.

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində 16-17 may tarixlərində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti"nin keçirilməsi planlaşdırılıb. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, "VİSA Inc.", "MasterCard Worldwide", "American Express", Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.