Yerli və xarici sərmayələr regionlara yönəldilir

2019.05.10 18:34 (UTC+04:00)

İqtisadçı ekspert Vüqar Bayramov yeni hazırlanan iqtisadi inkişaf strategiyasının əsas hədəfləri barədə danışarkən sənayeləşmənin regionlara transfer edilməsini vurğulayıb. Onun sözlərinə görə, yaxın illərdə bir neçə regionda sənaye müəssisələrinin yaradılması, xüsusilə bölgələrdə işsizliyin aradan qaldırılması və bütövlükdə iqtisadi layihələrin məşğulluğa təsir imkanlarının artırılması proqnozlaşdırılıb: "Çünki regionlarda işsizlik səviyyəsi daha yüksəkdir və nəzərdə tutulur ki, regionlarda yeni müəssisələrin yaradılması ilə işçi qüvvəsinin bölgələrdən Bakıya axınının qarşısı alınsın".

Ekspert bildirib ki, ölkə Prezidentinin xarici səfərlərində imzalanmış müqavilələrdə də regionlarda yeni istehsal müəssisələrinin tikintisi, iş yerlərinin yaradılması prioritet kimi qalır. Bu isə dövlətin iqtisadi gücünün artırılması üçün çox vacibdir: "Yeni müəssisələrin yaradılması, məşğulluğun dəstəklənməsi, əlavə iş yerləri həm dövlətin gəlirlərini artırır, həm də vətəndaşların sosial təminatını gücləndirir. Sənayeləşmənin regionlara doğru genişlənməsi nəticə etibarilə daha çox yeni iş yerlərinin yaradılması və məşğulluğun daha yaxşı təmin olunmasına imkan verəcək ki, bu da regionlarda işsizliyin aradan qaldırılması baxımından çox vacibdir".

Elxan SALAHOV