Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

2019.05.10 14:04 (UTC+04:00)

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

AZƏRTAC xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin məzarını ziyarət ediblər. Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.