Prezident İlham Əliyev Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki ilk "DOST mərkəzi"nin inzibati binasının açılış mərasimində bu mərkəzlərin yaradılmasını ölkəmizdə aparılan önəmli islahatların mühüm bir istiqaməti kimi qiymətləndirib: "Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin".
Prezident vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və hökumət bu məsələ ilə bağlı ciddi məşğuldur. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir: "Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır".
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin ilk 4 ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar. Bunun 270 milyon manatı vergi orqanları, 100 milyon manatdan bir qədər çoxu gömrük orqanlarının payına düşüb: "Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir".
Məşğulluğun inkişafı məsələsinə toxunan prezident qeyri-qanuni məşğulluqla mübarizənin nəticə verdiyini vurğulayıb, ölkəmizin iqtisadi və sosial siyasətinin bir-biri ilə uzlaşdığını deyib: "Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaq".