"Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tarixdə şəxsiyyətlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin gələcək əks-sədaları, uzun illər hadisələrin axarına təsiri ilə müəyyənləşir. Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə çətin vəziyyətdən az itki ilə çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul edir, həyatlarını riskə atmaqdan belə çəkinmirlər.
Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, defakto bu niyyətini reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə respublikada iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Böhranlı və ağır vəziyyətdə olan xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir!
Ümummilli lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına strateji məsələ kimi yanaşmışdır. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir.
Ulu öndər Heydər Əliyevin sərhəd tanımayan dövlətçilik fəaliyyətində milli-mənəvi, əxlaqi məsələlər də xüsusi yer tutmuşdur. Bütün böyük siyasi xadimlər kimi, Heydər Əliyev xalqının ümummədəni tərəqqisinin qayğısına qalmış, yaşadığı ölkənin, mənsub olduğu xalqın dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir. Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti, dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, yüksək qürur hissləri ilə bağlı deyildi, bu, eyni zamanda, onun öz ana dilini dərindən bilmək, həmin dilin bütün daxili sirlərinə, gözəlliklərinə vaqif olmaq və ondan məharətlə istifadə edə bilmək istedadından irəli gəlirdi. Ulu öndər xaricdə yaşayan soydaşlarımıza da məhz milli dili unutmamağı, onu yaşatmağı son dərəcə ciddiliklə tövsiyə edirdi.
Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı, sosial rifah və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.
70 il inzibati-amirlik sistemində yaşamış, iqtisadiyyatı dağılmış bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Respublikamızın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər, təbii olaraq, siyasi və elmi-fəlsəfi çevrələrdə də geniş diskussiya mövzusuna çevrilmişdir. Ümumi qənaət bundan ibarətdir ki, bu sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.
Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin uğurla icrasına ümumxalq dəstəyi daim özünü qabarıq göstərir. Bu gün Azərbaycan xalqı alternativsiz lideri olan cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və həmrəyliyin qarantı hesab edir, ona bütün varlığı ilə güvənir, ölkəmizin mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz rəhbərinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir, bu siyasəti birmənalı dəstəkləyir.
Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru