2019-cu ilin mart ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 234 milyon manat artıb. Mərkəzi Bankın statistikasına əsasən, bu il aprelin 1-dək həmin əməliyyatların həcmi 1 milyard 771 milyon manata çatıb. Fevral ayında bu göstərici 1 milyard 537 milyon manat olub.
Martda ölkədaxili nağdsız ödənişlərin həcmində də artım olub, kartlar vasitəsilə 310 milyon manat həcmində nağdsız ödəniş aparılıb. Fevralda bu göstərici 279 milyon manat olmuşdu. Mart ayında həyata keçirilən nağdsız ödənişlərin 181 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 112 milyon manatı POS-terminallar, 17 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşib.
Qeyd edək ki, martda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı dəyişməyib – 6 milyon 624 min ədəd. Bunun tərkibinə daxil olan əməkhaqqı kartlarının sayında fevral ayına nisbətən azalma, kredit kartlarında isə artım müşahidə edilib. Əgər fevralda əməkhaqqı kartlarının sayı 2 milyon 85 min ədəd olubsa, martda bu rəqəm 2 milyon 78 minə enib. Kredit kartlarının sayı isə 779 mindən 786 minə qalxıb.
Onu da deyək ki, 2019-cu ilin mart ayında ölkədə istifadə edilən bankomat və POS-terminalların sayı artıb. Fevral ayında əhaliyə xidmət göstərən bankomatların sayı 2.524 ədəd olduğu halda, martda bu göstərici 2.534 ədədə çatıb. Fevralda 66 min 19 ədəd təşkil edən POS-terminalların sayı isə martda 66 min 401 ədəd olub.