Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların konkret istiqamətləri hələ 2018-ci ildə müəyyənləşdirilmişdi.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, burada məqsəd daha çox "gizli iqtisadiyyat"ın səviyyəsinin azaldılması, ikili mühasibata qarşı mübarizə sahəsində effektiv nəticələrə nail olmaq idi. Bu ilin birinci rübünün nəticələrinə əsasən, müvafiq dövlət strukturları müəyyən mənada buna nail ola bilib. Onun sözlərinə görə, Azərbaycan hökumətinin müəyyənləşdirdiyi strategiyaya uyğun sosial çağırışların iqtisadi və maliyyə təminatı məhz 2019-cu ilin birinci rübünün nəticələrinə söykənir.
Vergi və gömrük sistemində həyata keçirilən islahatların nəticəsi olaraq, Azərbaycan hökuməti ötən ilin sonunda elan edilmiş yeni sosial paketin tətbiqini həyata keçirmək fürsəti qazandı: "Pensiya və müavinətlərin artırılması ilə bağlı qərarlar birmənalı şəkildə ölkənin iqtisadi vəziyyətinə maliyyə imkanları ilə bağlıdır. Sosial paket vətəndaşların sosial-iqtisadi islahatlardan daha çox faydalanması anlamına gəlir. 2019-cu ilin əvvəlindən həyata keçrilən sosial paketdən 2,5 milyondan artıq vətəndaş faydalandı. Bu, dövlət büdcəsindən əlavə olaraq 2 milyard manat vəsaitin xərclənməsi deməkdir".
Vergi və gömrük sistemindəki islahatların əhatə dairəsinin genişlənəcəyini deyən ekspert hesab edir ki, dəyişikliklərin digər sahələrə, o cümlədən sosial xidmət orqanlarına tətbiqi üçün yeni geniş imkanlar yaranıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin başlatdığı sosial açılım və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi həm də sosial xidmətlərin elektronlaşdırılması ilə müşayiət olunur: "Azərbaycanda 2014-cü ildən sonra başlanmış dərinləşmiş iqtisadi və sosial islahatlar 2019-cu ilin əvvəlində yeni mərhələyə qədəm qoyub. Bu baxımdan yeni çağırışlar iqtisadi və sosial sferada islahtaların davam etdirilməsini labüd edir. Artıq növbəti illərdə bu islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə ortaya qoyulub. Xüsusilə Prezident İlham Əliyev bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasındakı çıxışında islahatların alternativsiz olduğunu bəyan edib. Bu, o deməkdir ki, Azərbaycan hökuməti yeni çağırışlara uyğun olaraq, islahatları dərinləşmiş formada həyata keçirməkdə qərarlıdır. Ölkə başçısının elan etdiyi yeni inkişaf modeli üzrə hazırlanan strategiya da bu dəyişikliklərə istiqamətlənib. Yəqin ki, qarşıdakı aylarda daha sistemli və daha çox vətəndaşın faydalanmasına yönəlik islahatların şahidi olacağıq".
Elxan SALAHOV