Dövlət Neft Fondunun yaradılmasından 23 il ötür

2022.12.29 16:16 (UTC+04:00)

Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaq.
Bu bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər
səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu
öz gündəlik həyatında hiss etsin.
İlham Əliyev

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoydu. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdi. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoydu. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başladı. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.

1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı. İmzalanmış neft-qaz müqavilələri, “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi.

Nəticədə Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olundu.

ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. Beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. 2001-ci ildə Fondda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, cari il sentyabrın 30-a bu rəqəm artıq 45 milyard 386,4 milyon ABŞ dollarına bərabər olub. Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilir.

Dövlət Neft Fondu ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atır.

Cari il ARDNF-nin ev sahibliyi ilə təşkil olunan Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü illik iclası “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” (”Mobilising Capital for Change”) başlığı altında Bakıda təşkil olunması bunun bariz nümunələrindəndir. ARDNF-nin fəaliyyətində SFBF kimi qlobal təsisatın instusional idarəetmə və hesabatlılıq standartlarının öz əksini tapması Fondun ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin olunmasında rolunun möhkəmləndirilməsinə zəmin yaradır. Bu forum Azərbaycanın 2030-cu ilə baxış və 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası kontekstində ölkənin yaxın müddətli inkişaf potensialının və inkişaf istiqamətlərinin iri instusional investorlara əyani nümayişi üçün uğurlu platformadır.

Cari il oktyabrın 1-nə qədər Neft Fondunun ümumilikdə 130 milyard 32,3 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib və dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ARDNF-in ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 702,7 milyon manat məbləğində vəsaiti istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri də həyata keçirilib. ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir.

Fond indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf edib.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-cı ildən bu ilin üçüncü rübünün sonuna Neft Fondunun büdcəsi çərçivəsində bu layihəyə 779,6 milyon manat vəsait yönəldilib.

2006-2016-cı illərdə fonddan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1 milyard 469,6 milyon vəsait yönəldilib. Layihənin həyata keçirilməsi ilə Bakı və Sumqayıt şəhərlərinin içməli və texniki su ilə təminatı 2 dəfə yaxşılaşacaq, bənddə quraşdırılacaq elektrik enerjisinin istehsalından əmələ gələn illik mənfəət 2 milyon manat təşkil edəcək.

İndiyədək fondun 87,6 milyon manat vəsaiti “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə SOCAR-ın iştirak payının tənzimlənməsinə yönəldilib.

Bu vaxtadək Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 748,6 milyon manat ayırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.

Neft Fondu tərəfindən 22,4 milyon manat məbləğində vəsait “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaq.

Fond indiyədək “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat ayırıb. Fond bu vaxtadək SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 1 milyard 663,3 milyon manat yönəldib.

Bu il sentyabrın 30-a Neft Fondunun aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon ABŞ dolları) nisbətən 0,8 faiz artaraq 45 milyard 386,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində Fondun büdcə gəlirləri 11 milyard 365,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 566,9 milyon manat təşkil edib. Həmçinin Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 milyard 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat olub.

Cari il yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16,8 milyon manat təşkil edib. On bir ayda “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 161 milyon ABŞ dolları gəlir əldə edilib. “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 357 milyon dollar gəlir əldə olunub. O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.

ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.

Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında neftdən əldə olunan vəsaitlərin iqtisadiyyatın digər sahələrinə, ilk növbədə, qeyri-neft sektorunun inkişafına və insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini hökumət qarşısında prioritet vəzifələr kimi müəyyənləşdirmişdi. Neft gəlirlərinin dolğun idarə olunması və iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlətimizin başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi inkişafın nəticəsi olaraq bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

AZƏRTAC