İkiqat vergitutmanın aradan qaldırılması iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır

2022.12.30 10:10 (UTC+04:00)

Konvensiyanın əsas məqsədi bir dövlətin rezidentinin digər dövlətdə iqtisadi fəaliyyəti zamanı yaranan ikiqat vergitutmanın aradan qaldırılması, vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq, effektiv məlumat mübadiləsinin təmin olunması və vergi borclarının yığılmasında qarşılıqlı yardımın həyata keçirilməsindən ibarətdir.

Konvensiyanı şərh edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov bildirib ki, imzalanan sənəd xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır. Konvensiya hər iki dövlətin müəssisələrinin və fiziki şəxslərinin müvafiq olaraq Azərbaycanda və Yaponiyada iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir.

Şöbə rəisi bildirib ki, hazırda Azərbaycan və Yaponiya arasında ikitərəfli vergi münasibətlərinə SSRİ ilə Yaponiya arasında 18 yanvar 1986-cı ildə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya tətbiq edilir. Həmin tarixdən bugünədək beynəlxalq vergitutmada əhəmiyyətli dəyişikliklər baş verdiyi üçün və xüsusilə G20 dövlətləri tərəfindən qəbul edilmiş “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”nin qarşısının alınması layihəsi üzrə tədbirlərin təmin edilməsi baxımından Yaponiya tərəfi ilə yeni saziş layihəsi üzrə danışıqlara başlanılmasına qərar verilib.

E. Məmmədovun sözlərinə görə, danışıqlar prosesinə 2021-ci ildə başlanılıb və artıq 2022-ci ilin birinci yarımilliyində layihənin bütün müddəaları ekspertlər səviyyəsində razılaşdırılıb. Konvensiyanın bu il imzalanması həm Azərbaycan, həm də Yaponiya üçün xüsusilə əlamətdar hesab olunur. Belə ki, 2022-ci il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur və bu il “Azərbaycan-Yaponiya Dostluq ili” elan edilib.

“Hazırda Azərbaycan Respublikasının 55 ölkə ilə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələri vardır ki, bunlardan 54-ü qüvvədədir. Strateji tərəfdaş olan bir sıra dövlətlərlə də müvafiq saziş layihəsi üzrə müzakirələr aparılır və növbəti illərdə də yeni müqavilələrin bağlanması nəzərdə tutulub”, - E.Məmmədov bildirib.