Cənub Qaz Dəhlizinin potensialının 20 milyard kubmetrə çatdırılması hədəflənir

2022.12.30 09:38 (UTC+04:00)

Azərbaycan uzun illər ərzində regional və qlobal əhəmiyyətli iqtisadi, enerji və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi istiqamətində təşəbbüslər irəli sürüb və əməli addımlar atıb. 2022-ci il Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və tranzit daşımalarında oynadığı rolu daha da artıb.

Bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında yer alıb.

Qeyd olunub ki, bu il iyulun 18-də Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ənənəvi enerji tərəfdaşlığının genişləndirilməsi ilə yanaşı yaşıl və bərpa olunan enerji üzrə potensial əməkdaşlığı da ehtiva edir. 2027-ci ilədək Cənub Qaz Dəhlizinin potensialının 20 milyard kubmetrə çatdırılmasını hədəfləyən Memorandum Qərbi Balkan regionunun enerji təchizatının şaxələndirilməsində mühüm addım hesab olunur.

AZƏRTAC