Bələdiyyə orqanında çalışan işçilərin əməkhaqqından tutulmalar necə tənzimlənir?

2023.01.05 10:23 (UTC+04:00)

Vergi Məcəlləsinin pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması ilə bağlı 220.12-ci maddəsi hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da, həmin maddə bələdiyyələrə şamil edilmir. Maddənin mətnində belə bir istisna birbaşa göstərilməsə də, istisna qanunçuluğun özündən gəlir: mövcud qanunvericilikdə gəlirləri vergidən azad olan və özü vergiyığma orqanı sayılan qurumdan, yəni bələdiyyədən ödəmə mənbəyində vergi tutulması halı istisna edilib.

İkinci məqama gəlicə, bələdiyyə orqanlarında çalışan şəxslərin əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101-ci və həmin maddənin tətbiqi məqsədləri üçün qəbul edilmiş Nazirlər Kabinetinin 56 nömrəli qərarı ilə tənzimlənir.

Qərara əsasən, dövlətdən maliyyəşən qurumlar qeyri-dövlət sektoru sayılmır və deməli, güzəştli dərəcələr onlara tətbiq edilmir.

Bələdiyyələrlə bağlı normativ hüquqi aktlara və onların real tətbiqinə baxdıqda açıq şəkildə görürük ki, bələdiyyə orqanlarına dövlət büdcəsindən vaxtaşırı vəsaitlər ayrılır. Bununla belə, bələdiyyə, payları hər hansı dərəcədə dövlətə məxsus dövlət orqanı olmayıb, Azərbaycan Respublikasının Konstitusiyası ilə yerli özünüidarəetmənin təşkili formasıdır. Bələdiyyəyə maliyyə vəsaitinin ayrılması dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı deyil, sadəcə dəstək xarakteri daşıyır.

Qeyd edilənlərə əsasən, bələdiyyə dövlət sektoru hesab edilmir və güzəştli dərəcələr onlara da aid edilir. Deməli, bələdiyyə qulluqçusunun əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi ilə hesablanmalıdır.

Misal: Bakı şəhəri Nizami rayonu bəllədiyyəsinin qulluqçusu 750 manat əməkhaqqı alır. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, onun aylıq gəliri 8.000 manatı aşmadığı üçün ondan vergi sıfır dərəcə ilə tutulacaq, başqa sözlə, vergi tutulmayacaq. Lakin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri tutulacaqdır.

Əməkhaqqı – 750 manat;
Vergi – 0 manat;
MDSS – (6 + (750-200) x 10%) = 61 manat;
İşsizlikdən sığorta haqqı – 750 x 0,5% = 3.75 manat;
İcbari tibbi sığorta – 750 x 2% = 15 manat;