Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına deyib ki, qanun daha çox xarici şirkətin, xarici texnologiyalar və investorların Azərbaycana cəlb edilməsinə imkan verəcək.
R.Quliyevin sözlərinə görə, dövlətlə özəl şirkətlər arasında tərəfdaşlıq böyük layihələrin həyata keçirilməsi imkanlarını daha da artıracaq: “Avropada artıq 100 ildən çoxdur ki, belə bir mexanizm tətbiq olunur. Biz də bunu tətbiq etmək istəyirik. Bu mexanizm istər yerli, istərsə də xarici özəl şirkətlərin öz işlərini çox rahat şəkildə qurmaq imkanlarını daha da genişləndirəcək. Ümumilikdə bu qanunun qəbulunun böyük bir addım olduğunu düşünürəm. Bundan sonra daha böyük layihələrin gerçəkləşməsini gözləyirəm”.
Xatırladaq ki, dekabrın 27-də Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunu təsdiqləyib.