Bu gün Azərbaycan Respublikasının yeni manatının təqdimatından 17 il ötür.
2005-ci ildə Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub.
AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağlı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun dizayn müəllifi Robert Kalinadır. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.
AZƏRTAC