Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunu təsdiq edib.
Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Dövlət başçısının müvafiq fərmanı ilə Nazirlər Kabinetinə tapşırılıb ki, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etsin və həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyi isə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilərək aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
“2.0.11-1. dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;”;
Həmçinin 4.2. 3.0.42-ci yarımbənd aşağıdakı redaksiyada verilib:
“3.0.42. qanunla müəyyən edilmiş qaydada dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”.