Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
“vergiler.az” xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, həmin məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur:
“Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olunubsa, yeni dəyişikliklərə əsasən, həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur”.
V.Bayramov qeyd edib ki, əmək pensiyaçısından tutulacaq məbləğ hər ay ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz: “Bu məhdudlaşdırmada məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməməkdir. Əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir”.