Özbəkistanda ixracatçılara yeni güzəştlər verilib

2022.12.27 13:25 (UTC+04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ixracatçılara yeni güzəştlərin verilməsini nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il yanvarın 1-dək parçaların və trikotaj məhsullarının Avropa ölkələri, Türkiyə, Misir və Mərakeşə ixracı zamanı nəqliyyat xərclərinin 70 faizini kompensasiya etmək üçün dövlət subsidiyalar verəcək. Bundan başqa, İxracın Təşviqi Agentliyi tərəfindən ixracdan əvvəl və ixracla bağlı ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün ayrılmış maliyyə vəsaiti hesabına verilmiş kreditləri vaxtında ödəyən sahibkarlıq subyektlərinə kreditin ödənilmiş hissəsinə mütənasib olaraq əlavə kreditlər ayırmağa icazə veriləcək.

Xatırladaq ki, Şavkat Mirziyoyev son müraciətində ölkənin Avropa bazarlarına tekstil, elektrotexnika, dəri, ayaqqabı və digər hazır məhsulların tədarükünü ən azı iki dəfə artıracağını bildirmişdi. O, qeyd etmişdi ki, məhsulların ixracı üçün mövcud doqquz mərhələli gömrük rəsmiləşdirilməsi proseduru üç dəfə azalacaq. 2023-cü ildə ixracın ümumi həcmi Özbəkistan tarixində ilk dəfə olaraq 23 milyard dolları ötəcək.