Novqoroddan Azərbaycana döşəmə örtükləri tədarük ediləcək

2022.12.27 10:14 (UTC+04:00)

Rusiyanın Novqorod vilayətindən Azərbaycana döşəmə örtüklərinin tədarükü ilə bağlı razılıq əldə olunub.

“vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Novqorod vilayətinin investisiya siyasəti naziri Denis Nosaçev deyib.

Onun sözlərinə görə, bu il Novqorod məhsullarının Azərbaycana ixracında müsbət tendensiya qeydə alınıb.

“Əgər bu ilin ixrac və dinamikasından danışsaq, o zaman bizim üçün Azərbaycan ixraca görə MDB ölkələri arasında ilk üçlükdə olsa da, dinamika baxımından daha yaxşı görünür. Müəssisələrimizin bu ilin üç rübündə ixracının həcmi 2021-ci ilin ümumi həcmini ötüb”, - D.Nosaçev bildirib.

Nazir qeyd edib ki, Novqorod müəssisələri ənənəvi olaraq Azərbaycana ağac məmulatları, kağız və karton ixrac edirlər.

"İndi ixrac mənzərəsi dəyişir və biz getdikcə daha çox yüngül sənayenin hazır məhsulunu tədarük etməyə başlayırıq", - deyə D.Nosaçev əlavə edib.