- Cənab Pommier, İtaliya iqtisadiyyatında Azərbaycanın rolunu necə səciyyələndirə bilərsiniz?
- İtaliya Azərbaycan neftinin ən böyük alıcısıdır. 2011-ci ildə ölkəmiz Liviya kimi ənənəvi neft tədarükçülərindən imtina etdi, Azərbaycanla, inkişaf edən və sabitliyi ilə fərqlənən bu Qafqaz ölkəsi ilə əməkdaşlığı dərinləşdirdi. Başqa sözlə, iqtisadiyyat geosiyasəti tamamladı. Hazırda iqtisadi əlaqələrimizin əsasını neft ticarəti təşkil edir və bu tendensiyanın yaxın illərdə də davam edəcəyi ehtimal olunur.
Ukraynadakı müharibə yeni qaz xəttinə ehtiyac yaratdı və yaxşı ki, Trans-Adriatik Boru Kəməri (TAP) vardı. Geosiyasi vəziyyətə görə biz Rusiya qazından asılılığımızı azaltmalıyıq və bu baxımdan Azərbaycan bir nömrəli tərəfdaşımızdır. Gələcəkdə Bakı ilə Roma arasında qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi də araşdırılmalı olan sahədir.
2011-ci ildə ölkəmiz Liviya kimi ənənəvi neft tədarükçülərindən
imtina etdi, Azərbaycanla, inkişaf edən və sabitliyi ilə
fərqlənən bu Qafqaz ölkəsi ilə əməkdaşlığı dərinləşdirdi
- İki ölkə arasında ticarət mübadiləsi rəqəmlərlə necə ifadə olunur?
- 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 20 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 2 dəfədən də çoxdur: keçən il bu rəqəm 8 milyard dollar olmuşdu. Ticarət balansının xarakterinə nəzər salsaq, bu, birmənalı olaraq Azərbaycanın xeyrinədir. Ticarət balansının 90%-dən çoxu Azərbaycandan ixracın payına düşür. Ölkənizdən İtaliyaya, əsasən, neft və qaz ixrac edilir. Azərbaycandan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və TAP vasitəsilə tədarük edilən Xəzər qazı ev təsərrüfatları və müəssisələrin ümumi qaz tələbatının təxminən 13%-ni ödəyir. Gələcəkdə İtaliya Azərbaycanla iqtisadi əlaqələri daha da gücləndirmək niyyətindədir.
- İtaliya ilə Azərbaycan arasında digər sahələrdə yeni əməkdaşlıq sazişlərinin imzalanmasının perspektivini necə görürsünüz?
- Prezident İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri zamanı pandemiya ərəfəsində bir çox rəsmi sazişlər imzalanmışdı. Artıq pandemiya keçib və bu müqavilələrin qüvvəyə minməsi, səmərəli şəkildə tətbiq edilməsi vaxtı çatıb. Mövcud sazişlər əməkdaşlığın institusional çərçivəsini formalaşdırıb: indi vətəndaş cəmiyyəti, biznes və peşəkarlar institusional çərçivədə fəaliyyət göstərməlidirlər.
- Sizcə, ölkələrimiz üçün əməkdaşlığın ən perspektivli istiqamətləri hansılardır?
- Mədəniyyəti və turizmi mütləq qeyd etməliyəm. Təhsil sahəsində əməkdaşlığın perspektivli olduğunu düşünürəm. İtaliyada tədris ən yüksək səviyyədədir, universitetlərin təhsil haqqı isə aşağıdır.
İtaliyanın bir çox firmaları Azərbaycanın enerji sektorunun müharibədən
sonra yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər
- İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin şaxələndirilməsi üçün, sizcə, hansı addımlar atılır?
- Azərbaycana hər il İtaliyadan ixrac edilən məişət texnikasının, mebelin, zərgərlik məmulatlarının, elektrik cihazları komponentlərinin, geyimlərin və dəbdəbəli malların dəyəri 500 milyon dollardan azdır. Bu mallardan başlamalıyıq. Bundan əlavə, biz insan kapitalı və resursları ixrac edirik: İtaliyanın bir çox firmaları Azərbaycanın enerji sektorunun müharibədən sonra yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər. Bu sahələr inkişaf etdirilməlidir.
- Son vaxtlar dünyada bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı məsələsi getdikcə aktuallaşır. Sizcə, Azərbaycan və İtaliya bu istiqamətdə əməkdaşlıq yarada bilərmi?
- Əlbəttə, buna ehtiyac var. İtaliya enerji istehlakçısıdır və Azərbaycan Xəzər dənizində özünəməxsus mövqeyi ilə bərpa olunan enerji təchizatçısına çevrilə bilər. Bildiyimə görə, Azərbaycan bu istiqamətdə Rumıniya və Bolqarıstanla müqavilələr imzalayıb. İtaliya da əməkdaşlığın bu istiqamətində öz yerini tuta bilər.
Tamilla MƏMMƏDOVA