Vergi ödəyicilərinə göstərilən xidmətlərin məmnunluq səviyyəsi ölçülür

2022.12.23 17:32 (UTC+04:00)

“İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təşkilinə dair Metodiki Göstəriş”ə, “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na və “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na uyğun olaraq vergi ödəyicilərinə xidmət strukturları tərəfindən göstərilən üzbəüz xidmətlər, keçirilmiş görüşlər və ünvanlı xidmətlər üzrə məmnunluq səviyyəsinin ölçülməsi həyata keçirilir. Belə ki, xidmət mərkəzlərində quraşdırılmış xüsusi aparat vasitəsilə keçirilmiş sorğuya əsasən, vergi ödəyicilərinin üzbəüz xidmətlərdən məmnunluq səviyyəsi 98,8% (hədəf – minimum 85%), telefon vasitəsilə keçirilmiş sorğu nəticələrinə əsasən, görüşlər üzrə 94% (hədəf – minimum 85%), göstərilmiş ünvanlı xidmətlər üzrə isə 100% (hədəf – minimum 85%) təşkil edib.

Bununla yanaşı, istifadəçilər tərəfindən Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərin qiymətləndirilməsi ilə bağlı texniki imkanların yaradılması üzrə proqram təminatının hazırlanması işləri yekunlaşmaq üzrədir. Proqram təminatının DVX-nin İnternet Vergi İdarəsinin yeni e-portal layihəsində istifadəyə verilməsi nəzərdə tutulub. Funksionallıq istifadəyə verildikdən sonra elektron xidmətlərin istifadəçilər tərəfindən qiymətləndirilməsi, həmçinin xidmətlə əlaqədar irad və təkliflərin qeyd edilməsi mümkün olacaq.