Dünyada balıq ovu və istehsalının 70 faizdən çoxunu əhatə edən akvakultura balıqçılığının əhəmiyyəti artmaqdadır. Azərbaycanın balıqçılıq təsərrüfatı kompleksində akvakulturanın payı az olsa da, son illər belə təsərrüfatların yaradılması istiqamətində ciddi tədbirlər görülür, ölkədə akvakultura subyektlərinin sayı ildən-ilə artır.
"Beluqa Astara" MMC Astarada 2017-ci ildə təsis edilib. Müəssisə 50-100 qramlıq balıqların hovuz şəraitində yetişdirilməsi ilə məşğuldur.
Şirkətin təsisçilərindən biri və direktoru Muxtar Şiriyevin sözlərinə görə, balıqları hələlik yetişdirmək üçün Azərbaycandakı digər sahibkarlardan əldə edirlər. Şirkət il ərzində təxminən 20-25 ton balıq yetişdirməyi, 1 ton kürü əldə etməyi, yaz aylarından məhsulların satışına başlamağı planlaşdırır.
"Beluqa Astara" MMC təsərrüfatın genişləndirilməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 500.000 manat məbləğində kredit alıb.
M.Şiriyev dövlət xətti ilə kredit əldə etməyin şərtlərinin yetərincə əlçatan olduğunu deyir. Sahibkar bildirir ki, həmin vəsaiti yeni hovuzlar tikməyə, dənizdən su xətti çəkməyə, ana balıqlar almağa, artezian quyuları qazmağa yönəldiblər: “Akvakultura Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kurasiyasında olan sahədir. Ancaq İqtisadiyyat Nazirliyinin qurumları bizə biznesimizi inkişaf etdirməyə şərait yaradıblar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bizə bir çox problemlərimizin həllində yardım edib. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan kredit bizə təsərrüfatımızı genişləndirməklə yanaşı, onun dirçəldilməsinə imkan yaratdı. Bu vəsait bizə planlarımızı nəzərdə tutduğumuz müddətdən daha tez reallaşdırmağa imkan verir”.
M.Şiriyev Azərbaycanda akvakulturanın ölkəmizdə hələ başlanğıc nöqtəsində olduğunu düşünür. O, bildirir ki, adətən, investorlar yatırdıqları sərmayənin qısa zaman ərzində geri qayıtmasını istəyirlər. Akvakultura isə uzunmüddətli sərmayə tələb edən sahədir, ona görə də bu sahəyə investisiya qoyanların sayı getdikcə artsa da, hələ o qədər də çox deyil: “Akvakulturaya sərmayə qoyuluşundan təxminən 4-5 il keçdikdən sonra gəlir əldə olunur. Böyük gəlirin əldə edilməsi üçünsə 8-10 il vaxt lazımdır. Yaxın perspektivdə bu sahənin bizim üçün çox uğurlu olacağını gözləyirəm. Biz özümüzü müəyyən risklərdən qoruya bilsək, dövlətimizin dəstəyi ilə təxminən 2-3 ildən sonra qarşımıza qoyduğumuz ilk məqsədlərə çata biləcəyik”.
İlhamə İSABALAYEVA