Britaniya rəqəmsal vergitutma sisteminin tətbiqini iki il müddətinə təxirə salıb

2022.12.26 13:00 (UTC+04:00)

Böyük Britaniyanın hakimiyyət orqanları vergilərin ödənilməsi üçün elektron sistemin məcburi istifadəsinin tətbiqini üçüncü dəfə təxirə salıb. “Financial Times” qəzetində bu barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, belə bir qərarın verilməsi İT infrastrukturundakı çatışmazlıqlar, həmçinin vergi ödəyicilərinin yenilik barədə kifayət qədər məlumatlandırılmaması ilə bağlıdır. Vergi Peşəkarları Assosiasiyasının sözçüsü Alison Hobbs bu addımın “hələ həll edilməmiş əhəmiyyətli problemlərin” nəticəsi olduğunu vuğrulayıb.

Vergi və Gömrük Rüsumları İdarəsinin (HMRC) hazırladığı elektron vergi sisteminin tətbiqi ilk dəfə 2015-ci ildə elan edilmişdi. “Financial Times”ın məlumatına görə, sistem fiziki və hüquqi şəxslərə vergi orqanları ilə qarşılıqlı əlaqəni asanlaşdırmağa, habelə yığımların səmərəliliyini artırmağa və bu sahədə dələduzluğun qarşısını almağa imkan verəcək. Bundan əlavə, yenilik gəlir vergisi hesabatını illik deyil, rüblük təqdim etməyi tələb edəcək.