Ramil Məhərrəmov: “Özəl şirkətlərin istilik təchizatı sahəsinə cəlb edilməsinə çalışacağıq” MÜSAHİBƏ

2022.12.22 14:10 (UTC+04:00)

- Ramil müəllim, qış mövsümü ilə bağlı həyata keçirilən layihələr və istilik təchizatının hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz? Əhalinin istiliklə təmin olunması istiqamətində hansı işlər görülməkdədir?

- "Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədilə 2022-2023-cü illər üzrə payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan işlərin icrası başa çatdırılıb. Tədbirlər Planı çərçivəsində 1002,2 km-lik istilik xətlərinin təzyiqədavamlılığı yoxlanılıb, 12,7 km-lik istilik xətləri əsaslı təmir olunub, çoxsaylı avadanlıqlar və qurğular təftiş olunub. Bundan başqa, nasoslar, aqreqatlar, mühərriklər və s. avadanlıqlar cari və əsaslı təmir edilib.

Həyata keçirilən tədbirlər mövsüm ərzində ASC-yə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verəcək.

- Hazırda müəssisə üzrə istismara verilən qazanxanaların sayı nə qədərdir? Bunun sayəsində neçə bina istiliklə təchiz edilir?

- Əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat"ın fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb. Cəmiyyətə məxsus qazanxanaların sayı 166-dan 564-ə (3,4 dəfə çox), yaşayış binalarının sayı 988-dən 3871-ə (3,9 dəfə), məktəblərin sayı 146-dan 287-yə (2 dəfə), uşaq bağçalarının sayı 84-dən 162-yə (1,9 dəfə), səhiyyə obyektlərinin sayı 61-dən 152-ə (2,5 dəfə), digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çatdırılaraq 24,4 dəfə artım qeydə alınıb.

Əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat"ın fəaliyyəti dövründə istilik
mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb

- Ümumiyyətlə, hazırda istilik təchizatı şəbəkəsinin vəziyyəti nə yerdədir? Təmirə ehtiyacı varmı?

- Qazanxanalarımızın təqribən 80 faizi dövlət investisiyaları vasitəsilə modernləşdirilib, 20 faiz qazanxana və istilik sistemləri isə müasirləşdirilməlidir. Təmirə ehtiyac duyulan istilik sistemləri, magistral və ya məhəllədaxili borular yerindəcə ilkin təmir edilir, mövsüm bitəndən sonra isə daha əsaslı təmir-bərpa işlərinə başlayırıq. Mövsüm zamanı isə təmirə ehtiyacı olan həm istilik sistemləri və aqreqatları, həm də magistral və məhəllədaxili borular təmir edilir.

- İşğaldan azad edilmiş ərazilərdə istilik infrastrukturunun yaradılması istiqamətində hansı işlər görülür?

- İşğaldan azad olunmuş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi qrupunun fəaliyyətində təmsil olunan "Azəristiliktəchizat" Baş planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir. Azərbaycan Prezidentinin 2021-ci il 8 may tarixli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" tərəfindən Energetika Nazirliyi və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılıb. Həmçinin, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat" ASC-yə həvalə edilib.

Müəssisənin gəlir və xərclərinin optimallaşdırılması, istilik sistemlərinin
təmiri və bərpası üçün təxirəsalınmaz işlər görülməli, həmçinin bərpa
olunan enerji mənbələrindən istifadə imkanları araşdırılıb tətbiq edilməlidir

- Müəssisə üzrə hansı yeni inkişaf istiqamətlərini xüsusilə qeyd edərdiniz?

- Yeni inkişaf perspektivləri ölkə Prezidentinin 29 aprel 2022-ci il tarixli sərəncamında öz əksini tapıb. Sənəddə qeyd edilir ki, "Azəristiliktəchizat" müasirləşdirilməli, sayğaclaşdırılma işləri aparılmalıdır. Bununla yanaşı, müəssisənin gəlir və xərclərinin optimallaşdırılması, istilik sistemlərinin təmiri və bərpası üçün təxirəsalınmaz işlər görülməli, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə imkanları araşdırılıb tətbiq edilməlidir.

- İstehlakçı və təchizatçının hüquq, öhdəlik və səlahiyyətlərini tənzimləyən normativ sənədlər hazırlanırmı? Mənzildə uzun müddət istilik təchizatının olmaması səbəbindən istehlakçıların hüquqları necə təmin edilir?

- Hazırda istilikdən istifadə qaydaları hazırlanıb, müvafiq qurumlara təqdim edilib və müzakirələr gedir. Təbii ki, istilikdən istifadə edənlərin hüquqları digər istehlakçı hüquqları kimi qorunur, müxtəlif dövlət qurumları da buna nəzarət edirlər. Əgər istilik təmin olunmursa, müəssisəmiz ən qısa zamanda özünün məsuliyyət daşıdığı, balansında olan istilik sistemlərini və boruları təmir etməyə çalışır. Lakin “Azəristiliktəchizat”ın məsuliyyəti binaya qədər olan sistemlərə qədərdir. Binadaxili və mənzildaxili istilik sistemlərinin avadanlıqlarının təmiri, bərpası, saxlanması Mənzil Məcəlləsinə uyğun olaraq, mənzil sahiblərinin məsuliyyətinə daxildir.

İstilik təchizatında bərpa olunan enerji resurslarından istifadə
“Azəristiliktəchizat”ın yeni strategiyasında öz əksini tapacaq

- Bildiyimiz kimi, istilik təchizatında bərpa olunan enerji mənbələrindən istifadə olunması nəzərdə tutulur. Söhbət hansı mənbələrdən gedir və bu istiqamətdə pilot olaraq real addımların atılmasına nə zamandan başlanıla bilər?

- İstilik təchizatında bərpa olunan enerji resurslarından istifadə “Azəristiliktəchizat”ın yeni strategiyasında öz əksini tapacaq. Ölkə başçısının göstərişinə əsasən, bu sahədə ən mütərəqqi bərpa olunan enereji mənbələrindən istifadə nəzərdə tutulur. Mərkəzləşdirilmiş istilik sistemində ilkin olaraq günəş enerjisindən istifadə daha real görünür. Lakin bərpa olunan enerji mənbələrinin hansı növündən, hansı həcmdə, hansı bölgədə istifadə edilməsi və hansı həcmdə investisiya qoyulması strategiya hazırlandıqdan sonra daha dəqiq bəlli olacaq.

- Mərkəzləşdirilmiş istilik sistemi gələcəkdə yeni inşa edilmiş bütün çoxmənzilli tikililərə və fərdi yaşayış evlərinə tətbiq oluna bilərmi?

- Ümumiyyətlə, mərkəzləşdirilmiş istilik sisteminin bütün mənzillərə, o cümlədən hundurmərtəbəli binalara tətbiqinə gəldikdə, əsas istiqamət odur ki, sakinlərə, müştərilərə seçim imkanı verilsin. İstər özəl şirkətlər, istər yerli idarəetmə orqanları, istərsə də dövlət-özəl əməkdaşlığı tərəfindən təqdim edilən istilik təchizatı mənbələrinin və imkanlarının artırılmasında biz də maraqlıyıq və alqışlayırıq. Bizim əsas hədəfimiz sakinlərin istilik xidməti və təchizatı sahəsində seçimlərini artırmaqdır, onu məhdudlaşdırmaq kimi fikrimiz yoxdur.

Əsas istiqamət odur ki, sakinlərə, müştərilərə seçim imkanı verilsin

- İstilik təchizatı sahəsində dövlət-özəl əməkdaşlığı modeli pilot olaraq tətbiq oluna bilərmi?

- Bu sahədə dövlət-özəl əməkdaşlığı modelinin tətbiqi imkanları nəzərdə tutulub, 2022-2026-cı illər sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında da bununla bağlı müvafiq müddəa yer alıb. “Azəristiliktəchizat”ın yeni strateji planı hazırlandığı zaman qeyd etdiyiniz məsələ üzrə fəaliyyət planı və detalları daha ətraflı təhlil edilməklə müəyyən qərar qəbul ediləcək. Xatırladım ki, bu sahədə keçmişdə də təcrübə olub, müəssisəmizin bir neçə qazanxanası özəl şirkət tərəfindən idarə edilib. Əlbəttə ki, özəl şirkətlərin istilik təchizatı sahəsinə cəlb edilməsi yalnız alqışlanmalıdır və biz də bunun üçün müəyyən işlər görməyə çalışacağıq.

- İstilik təchizatı barədə qanunvericilikdə hansısa yeniliklər gözlənilirmi?

- Artıq istilikdən istifadə qaydaları, təchizat və digər məsələlərlə bağlı qanun layihəsi hazırlanaraq müvafiq dövlət qurumlarının müzakirəsinə təqdim edilib. Burada həm istilik təchizatı şirkətlərinin, həm də istifadəçilərin hüquqlarının müdafiəsi istiqamətində müddəalar, ən mütərəqqi standartlar, texnologiyalar, üsullar öz əksini tapıb. Layihə təsdiq olunandan sonra bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Hüseyn VƏLİYEV