Vergi ödəyicilərinə xidmət seqmenti daha da təkmilləşdirilir MƏQALƏ

2022.12.22 11:00 (UTC+04:00)

Ölkəmizin davamlı inkişaf strategiyasına uyğun olaraq, vergi sistemində qanunvericiliyin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, müasir informasiya texnologiyalarından istifadənin genişləndirilməsi kimi istiqamətlərdə bir sıra islahatlar həyata keçirilir. Vergi sistemində aparılan islahatların bir qismi vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi və könüllü əməletmə səviyyəsinin artırılmasına yönəldilib. 15 il əvvəl yaradılmış və zaman keçdikcə yeni çağırışlara uyğun olaraq təkmilləşdirilən Vergi ödəyicilərinə xidmət mərkəzləri də məhz vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi məsələləri barədə ödəyicilərin məlumatlandırılması və maarifləndirilməsi, izahat işlərinin aparılması, sualların cavablandırılması, elektron və şifahi xidmətlərin göstərilməsi zamanı rahatlığın təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsini rəhbər tutur. Vergi ödəyicilərinin bütün növ vergi xidmətlərini vahid bir mərkəzdən ala bilmələri, daha üstün xidmət standartlarının tətbiqi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərdən istifadə imkanlarının aşılanması və vergi orqanlarının müsbət imicinin yaradılması məqsədilə 2007-ci ilin may ayından etibarən mərhələli şəkildə Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib.

Xidmət mərkəzlərinin işi müasir tələblərə uyğunlaşdırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) üzbəüz xidmətlərin müasir standartlara cavab verən xidmət mərkəzlərində göstərilməsini təşkil edən ilk dövlət qurumlarındandır. Hazırda ölkə üzrə 55-dən çox Vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər DVX tərəfindən göstərilən xidmətlərin hər bir vergi ödəyicisi üçün əlçatan olmasını təmin edir, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyicilərinə nümunəvi xidmət göstərir. Mərkəzlər, həmçinin, vergi orqanı olmayan şəhər və rayonlarda öz xidmətlərini təklif edirlər. Əsas məqsəd mərkəzin yerləşdiyi ərazidə fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun ödənişsiz vergi xidmətlərinin göstərilməsidir. Burada vergi ödəyicilərinə vergi qanunvericiliyi və qanunvericilikdə edilən dəyişikliklər, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri, vergi ödəyicilərinin və eləcə də vergi orqanlarının hüquq və vəzifələri haqqında məlumat və izahatlar verilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində vətəndaşların qarşılaşdıqları problemlər səlahiyyətlər çərçivəsində həll edilir.

Cari ilin yanvar-sentyabr ayları ərzində Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 391.367 vətəndaş qəbul edilib və onlara 740.102 xidmət göstərilib. Bu xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı olub.

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir

Vaxt itkisinin qarşısının alınması, vergi orqanlarının iş həcminin və kağız daşıyıcıda aparılan sənəd dövriyyəsinin azaldılması məqsədilə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzası tətbiq edilir. Bunun nəticəsində kağız daşıyıcıda qəbul olunan müraciətlərin 94-95 faiz aralığında elektron formada tərtib edilməsi təmin olunub. Eyni zamanda, DVX tərəfindən göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə İnternet Vergi İdarəsində (e-portalda) gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş sənədlərin həqiqiliyinin yoxlanılması üçün müvafiq funksionallığın yaradılması, dövlət orqanlarının, bankların və digər qurumların elektron portallarında gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş etibarnamələrin (QR koda, təhlükəsizlik koduna və sair yoxlama vasitəsinə malik) həmin portallarda yoxlanılması, yoxlama nəticəsində ekranda əks etdirilən məlumatın və etibarnamənin elektron faylının “Asan İmza” qeydiyyat proqram təminatına (RA) daxil olunmasının təmin edilməsi istiqamətində işlər həyata keçirilir və bununla bağlı normativ baza hazırlanır.

Könüllü əməletmə səviyyəsi artır

“Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na uyğun olaraq, bəyannamə təqdim etməli olan, lakin əvvəlki hesabat dövrü üzrə müvafiq bəyannaməni vaxtında təqdim etməyən, yeni qeydiyyatdan keçən, tədiyyə növü dəyişən, fəaliyyətini dayandıran/aktivləşdirən və s. məlumatlandırma baxımından riskli hesab olunan vergi ödəyicilərinin elektron kabinetlərinə (poçt ünvanlarına) vergi orqanının təşəbbüsü ilə müvafiq məzmunlu məktubların göndərilməsi təmin edilir, digər xidmət kanalları vasitəsilə də məlumatlandırma işləri həyata keçirilir. Belə ki, vergi ödəyicilərinin vergi öhdəliklərinin vaxtında icrası, o cümlədən təqdim etməli olduqları bəyannamə və hesabatların vaxtında təqdim olunmasının təmin edilməsi məqsədilə müvafiq öhdəliklərlə bağlı onlara SMS-lər göndərilir. 2022-ci ilin 10 ayı ərzində məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə vergi ödəyicilərinin mobil nömrələrinə 734 minə yaxın SMS göndərilib. Cari ilin 10 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 3.761 ödəyicinin iştirakı ilə 228 görüş keçirilib, 5.516 ünvanlı xidmət tədbiri təşkil olunub, 14 mindən çox yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərinə 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Hazırda xidmət səviyyəsinin daha da yüksəlməsini təmin etmək üçün canlı növbə və əvvəlcədən tutulmuş onlayn növbələr əsasında qəbul həyata keçirilərkən növbənin tənzimlənməsinə imkan verən yeni proqram təminatının hazırlanması işləri yekunlaşmaq üzrədir və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Könüllü əməletməyə keçidi sürətləndirmək üçün vergi orqanları ilə vergi ödəyiciləri arasında təmasın etibarlı və güvənli qurulmasına üstünlük verilir. Başqa sözlə desək, vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən, istənilən növ informasiyaya çıxışını təmin etmək üçün vergi orqanları bütün imkanlarını səfərbər edir.

Gülay NƏBİYEVA