SKSP-nin ölkənin qeyri-neft sektorunun inkişafında rolu ilbəil artır

2022.12.21 18:45 (UTC+04:00)

Bu gün Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 11 il keçir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.

Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 5,6 milyard manat olan 32 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan artıq 20-si istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb. Sənaye Parkında hazırda 6000-dən çox insan daimi işlə təmin olunub. Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Parkına əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Cari ilin 9 ayı ərzində 2 milyard manatlıq məhsul istehsalı ilə Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,4%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi (796,5 milyon manat) isə 31,4% təşkil edib.

Ümumilikdə (2022-ci ilin oktyabr ayınadək) Sənaye Parkının rezidentləri tərəfindən 6,66 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 2,44 milyard manatlıq hissəsi ixracın payına düşür.

Əlavə: Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından sonra ölkəmizdə daha 6 sənaye parkı - Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları təşkil olunub.