10 yanvar tarixində keçiriləcək hərraca 80 dövlət əmlakı çıxarılacaq

2022.12.21 18:02 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 yanvar tarixində keçiriləcək növbəti hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılacaq. Belə ki, özəlləşməyə çıxarılan 80 əmlakdan 5-i səhmdar cəmiyyətinin səhm paketi, 11-i kiçik dövlət müəssisəsi və obyekti, 64-ü isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak edəcək şəxslər sənaye, təmir sahələri üzrə səhmdar cəmiyyətlərin səhmlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Bakavtoservis”, “Goranboy Aqrotexservis” və digər səhmdar cəmiyyətləri aiddir.

Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 20.734 manatla 1.299.800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” Açıq Səhmdar Cəmiyyətidir. Bu səhmdar cəmiyyətin 30.03%-lik səhm paketi alıcılara təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Cənubi Koreya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1992-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: (https://bit.ly/3mmNVpB)