İT-Akademiya seminar-ekskursiya təşkil edib

2022.12.20 14:58 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən İT-Akademiyanın ən yaxşı tələbələri üçün “PASHA Technology” MMC-də seminar-ekskursiya təşkil edilib. Ekskursiya zamanı tələbələr binanın infrastrukturu ilə tanış olub, DATA Mərkəzinə, server otaqlarına baş çəkib, fasiləsiz enerji təchizatı, nəhəng dizel generatorları və s. haqqında məlumatlandırılıblar.

“PASHA Technology”nin İnfrastruktur departamentinin rəhbəri Aleksey Reşetnikov şirkətin fəaliyyəti, məlumatların saxlanma şərtləri və serverlərin iş prinsipi barədə tələbələrə ətraflı məlumat verib. Sonra İT infrastrukturu üzrə baş mütəxəssis Elgiz Soyxanlı, mexanika mühəndisi İsa Əhmədov və kibertəhlükəsizlik üzrə mühəndis Elşən Səfərov İKT təhlükəsizliyi, İKT infrastrukturu, virtuallaşdırma və müştəri xidmətləri barədə tələbələrə məlumat veriblər.

Tələbələr həmçinin, şirkət işçilərinin iş gününün necə keçdiyi ilə yaxından tanış olublar. Tədbir iştirakçıları hostinq və server xidmətlərinin etibarlı mühafizə altında olduğuna əyani şəkildə əmin olub, onları maraqlandıran suallara cavab alıblar.

Ekskursiyanın sonunda şirkətin İnsan kapitalının idarə edilməsi və daxili kommunikasiyalar departamentinin rəhbəri Aynur Həziyeva tələbələrə İT sahəsində məşğulluq, daha peşəkar inkişaf üçün tələblər və təcrübədən bəhs edib, tövsiyələrini paylaşıb.