Regionda “yaşıl enerji”nin inkişafı və ixracı ilə bağlı yeni imkanlar yaranır

2022.12.21 11:42 (UTC+04:00)

Rumıniya ilə Azərbaycan arasında elektrik enerjisinin nəqli üçün Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək. Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i şərh edən millət vəkili Vüqar Bayramov qeyd edib ki, sənəd regionda “yaşıl enerji”nin inkişafı və ixracı ilə bağlı yeni imkanlar yaradır.

“Bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyub. Dördtərəfli hökumətlərarası Saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur”, - V.Bayramov bildirib.

Avropa Kommisiyası artıq anlaşma ilə bağlı açıqlama yayaraq bunun Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerjiyə keçməkdə kömək edəcəyini, eyni zamanda təchizat təhlükəsizliyini artıracağını bəyan edib.

İqtisadçı Eldəniz Əmirov Sazişi böyük gələcəyi olan sənəd kimi qiymətləndirib: “Əvvəla, gələcək “yaşıl enerji”nindir. İkincisi, elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə hazırlanır. Bu, xırda iş deyil. Üçüncüsü, Azərbaycan böyük alternativ enerji imkanlarına malikdir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27.000 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi potensialı 23.000 MVt, külək enerjisi potensialı 3.000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. 2036-cı ilədək Azərbaycan təkcə Xəzər dənizində 7,2 GVt külək enerjisi potensialını reallaşdırmaq niyyətindədir. Bunlarla yanaşı, hidrogen qarışığının ixracı da nəzərdən keçirilir”.

E.Əmirov gələcəkdə enerji istehsalı artıqca Rumıniya və Macarıstanla yanaşı, Xorvatiya, Serbiya kimi digər Avropa ölkələrinin də bu potensialdan yararlana biləcəklərini deyib.