Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi Əsasnamə” təsdiq olunub. Sənəd mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) klasterlərinin yaradılmasının və ləğvinin, habelə KOB klasterində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyir.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hümbətov “vergiler.az”a açıqlamasında bildirib ki, yeni əsasnaməni hökumətin bazara müsbət müdaxiləsini əks etdirən nümunələrdən biri kimi dəyərləndirmək olar: “Tarixən iqtisadiyyata münasibətdə klassik liberalizm azad bazara, həmçinin hökumətin fərdlərin və cəmiyyətin iqtisadi münasibətlərinə minimum müdaxiləsinə çağırır. Uzunmüddətli zaman çərçivəsinə əsaslanan qabaqcıl beynəlxalq təcrübə onu göstərir ki, hökumətin bazara müsbət müdaxiləsi, onun hüquqi əsaslarını formalaşdırması və inkişaf etdirməsi cəmiyyətin rifahı üçün doğru qərardır. Bu yanaşma sağlam və dayanıqlı iqtisadiyyatın əldə edilməsi baxımından əhəmiyyətlidir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə özlüyündə hökumətin bazara müsbət müdaxiləsini əks etdirən sənədlərdən biridir. Azərbaycan hökuməti uyğun sahibkarlıq subyektlərini bir araya gətirməyi təşviq etməklə ölkə üzrə dəyər zəncirinin müxtəlif həlqələrini bağlamağa çalışır. Məntiq etibarilə prosesdə sahibkarlar üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülməlidir və bu tədbirlər sözügedən nümunəvi əsasnamədə öz əksini tapıb”.
Müsahibimizin sözlərinə görə, KOB klasterləri timsalında sahibkarlıq subyektləri üçün yaranacaq imkanları daha yaxşı qavramaq üçün onu iki qrupa - daxili və xarici imkanlara ayırmaq olar: “Daxili imkanlar bilavasitə hökumətin müdaxiləsinin cari əsasnamədə təsbit olunmayan və ölçülməyən tərəfləridir. Burada hökumət özəl sektoru təşviq edir ki, gələcək iqtisadi artım və iqtisadi inkişaf dayanıqlı və rəqabətqabiliyyətli olsun. Daha strateji və uzunmüddətli xarakter daşıyan bu imkanlar həm mikro mənada sahibkarlıq subyektləri, həm də makro mənada dövlət üçün ümdə nəticələr əldə edilməsində rol oynaya bilər. KOB klasterlərinin tətbiqi ölkədə sahibkarlıq institutunun daha da təkmilləşdirilməsinə, sahibkarlıq subyektlərinin ölkə üzrə dəyər zəncirində mütəşəkkil rol oynamasına, makroiqtisadi sabitliyin dayanıqlığına və gələcəkdə ölkəmizin İqtisadi Mürəkkəblik İndeksi üzrə yüksəlməsinə gətirib çıxaracaq”.
Bu sahədə xarici imkanları dəyərləndirən institut direktoru qeyd edib ki, sahibkarlıq subyektləri KOB klaster şirkətini formalaşdırmaqla məhsulun (malların, işlərin, xidmətlərin) istehsalı zamanı xərclərin optimallaşdırılmasına, yeni bazarların və əməkdaşlıq imkanlarının tapılmasında özəl sektorun mərkəzləşmiş yanaşmasına nail ola biləcəklər: “Sadə şəkildə desək, biznesin məqsədi mənfəət əldə etməkdir. Bunun üçün də həm mümkün qədər çox gəlir edilməli, həm də biznes proseslərinin optimallaşdırılması həyata keçirilməlidir. Onu da qeyd edim ki, sözügedən əsasnamə çərçivəsində hökumətin müəyyən etdiyi azadolmalar və vergi güzəştlərindən istifadə hüququ da təsbit edilib”.
Azərbaycanın investisiyalar üçün əlverişliliyi daha da artacaq
M.Hümbətovun sözlərinə görə, yeni əsasnamənin sahibkarlığın inkişafına verəcəyi dəstək spesifik və yaxın gələcək üçün ölçüləbilmə baxımından qiymətləndirilərsə, ilk növbədə KOB klaster şirkətinə hökumət tərəfindən veriləcək azadolma və vergi güzəştlərinə diqqət etmək lazımdır. Belə ki, bu əsasnamə çərçivəsində şəhadətnamə almış KOB klaster şirkətinin əldə edəcəyi azadolma və güzəştlər artıq Vergi Məcəlləsində öz əksini tapıb. Məcəlləyə əsasən, KOB klaster şirkətinin mənfəəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə vergidən azaddır. Digər stimullaşdırıcı məqam isə KOB klaster şirkətinin reyestrə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad edilməsidir. Bundan başqa, KOB klaster şirkətləri reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər: “Nəticə etibarilə qeyd edilmiş azadolmalar və vergi güzəştləri sahibkarlıq subyektləri üçün stimullaşdırıcı mühitin formalaşdırılmasına yardım edir. Hesab edirəm ki, nəticələri real şəkildə görmək üçün müəyyən edilmiş müddətin sonunda KOB şirkətinin digər sahibkarlıq subyektləri ilə müqayisəsi haqqında elmi tədqiqatlar aparılmalıdır. Bu da özlüyündə əsasnamənin qiymətləndirilməsi baxımından əvəzsiz rol oynaya bilər”.
Yeni əsasnamənin icrasından gözləntilər barədə danışan M.Hümbətov qeyd edib ki, son illərdə hökumət tərəfindən davamlı şəkildə qeyri-neft sektorunun inkişafına müxtəlif cinahlardan iqtisadi dayaqlar qurulur. Bu mənada, gözləntilər kimi qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalının və xidmət göstərilməsinin təşviqini, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılması və onlar arasında əlaqələndirmənin gücləndirilməsini, sahibkarlığın inkişafının dəstəklənməsini qeyd etmək olar: “Bu isə özlüyündə qeyri-neft sektorunun ÜDM-də payının davamlı şəkildə artması deməkdir. Sahibkarlıq institutunun daha da təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin ölkə üzrə dəyər zəncirində mütəşəkkil rol oynaması nəticəsində Azərbaycanın yerli və xarici investisiyalar üçün əlverişliliyinin daha da artacağı gözlənilir”.
İlhamə İSABALAYEVA