Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı əsasında verilən aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb. Nazirlikdən verilən məlumata görə, proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək.
Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulan təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək. Aktivlərdən istifadəyə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq" altsistemində özünüməşğulluq proqramının hər bir iştirakçısına dair şəxsi kabinetlər yaradılacaq. Proqramın icra mərhələlərində onunla bağlı aparılan işlər, yekun olaraq ona verilən aktivlər barədə məlumatlar şəxsi kabinetlərində yerləşdiriləcək. Verilən aktivlərin keyfiyyəti (foto və videomateriallarla) və bunu təsdiqləyən sənədlər, aktivlərin verilməsi zamanı vətəndaş məmnunluğu əsasında aktlaşdırma prosesi, aktivlərdən istifadəyə dair aparılmış vaxtaşırı monitorinqlərin nəticələri və s. barədə məlumatlar əlavə ediləcək. Bütün bu məlumatların ictimai açıqlığı və nəticədə verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarət də təmin ediləcək.