İyunun ilk hərracında 85 dövlət əmlakı özəlləşməyə çıxarılacaq

2019.05.06 16:27 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 4-də növbəti hərrac keçirəcək. Komitədən verilən məlumata görə, bu dəfə özəlləşdirmə prosesinə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Salyan, Bərdə, Yevlax kimi şəhər və rayonlarda yerləşir. Hərracda maşınlar da satılacaq. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. İştirakçılar və prosesə marağı olan hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.