2022-ci ilin noyabr ayı ərzində 31 mindən çoxu canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 44698 müraciət olub.
Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış vahid platforma - 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng edə bilərlər.