Azərbaycan və Gürcüstan Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib

2022.12.15 15:15 (UTC+04:00)

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov açılış nitqində qeyd edib ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Həmçinin siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

Regionlararası əməkdaşlıqdan danışan Əli Əsədov deyib: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşib ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.

Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıblar.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi vurğulanıb. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirib.

Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulanıb, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu kontekstdə Əli Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğulayaraq deyib: “Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək”.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzalayıblar.

Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalayıblar.