Çin hökuməti ÜTT-nin qərarına münasibət bildirib

2022.12.19 13:15 (UTC+04:00)

Çin Xalq Respublikasının Ticarət Nazirliyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ABŞ-nin Çindən alınan polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumun ÜTT qaydalarını pozduğuna dair qərarını alqışladığını bildirib. Nazirliyin sözçüsü ÜTT-nin ekspertlər qrupunun qərarını “obyektiv və ədalətli” adlandırıb.

Xatırladaq ki, ABŞ 2018-ci ildən "milli təhlükəsizlik" adı ilə bəzi ÜTT üzvlərindən idxal edilən polad və alüminiuma rüsumlar tətbiq edir. Çin tərəfin açıqlamasında qeyd edilib ki, bu cür hərəkətlər mahiyyət etibarilə birtərəfli, proteksionist təcrübədir və qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə ciddi ziyan vurur.

Nazirliyin açıqlamasına əsasən, bu hərəkətlər ÜTT üzvlərinin etirazına səbəb olmaqla yanaşı, ABŞ daxilində də tənqid olunub: “Bu qərar göstərir ki, ÜTT-nin təhlükəsizliklə bağlı istisna müddəaları birtərəflilik və proteksionizm üçün “sığınacaq” deyil, - açıqlamada qeyd olunub. - Çin ümid edir ki, ABŞ ÜTT-nin ekspertlər qrupunun qərarına hörmətlə yanaşacaq, ÜTT qaydalarına əməl edəcək, səhvlərini tezliklə düzəldəcək, Çin və ÜTT-nin digər üzvləri ilə çoxtərəfli ticarət sistemini qorumağa səy göstərəcək”.