Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində bütün işlər 2024-cü ildə tamamlanacaq

2022.12.14 17:50 (UTC+04:00)

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olduğunu qeyd edən dövlətimizin başçısı bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycan Prezidenti Türkiyədən və Türkmənistandan olan şirkətləri keçən il Xəzər sahilində təməli qoyulan Ələt Azad İqtisadi Zonasının imkanlarından faydalanmağa dəvət edib.

“2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

AZƏRTAC