Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlərə dair Forumu təşkil edilib. Forumda Dövlət Vergi Xidmətini Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin əməkdaşları - baş dövlət vergi müfəttişi Çingiz Musayev və dövlət vergi müfəttişi Emil Kərimov təmsil ediblər.
Forumun məqsədi iştirakçı ölkələr arasında vergidən yayınma və mənfəətin köçürülməsinin qarşısının alınması istiqamətində bilik və təcrübə mübadiləsinin asanlaşdırılması, müvafiq tədbirləri həyata keçirəcək ixtisaslaşmış vergi orqanı əməkdaşlarından ibarət şəbəkənin yaradılması, onların iş keyfiyyətinin artırılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, praktiki təlimat və yanaşmaların hazırlanmasından ibarət olub.
Tədbir çərçivəsində iqtisadiyyatın rəqəmsallaşdırılması nəticəsində yaranan vergiləndirmə problemləri, COVİD-19 pandemiyasının nəzarət olunan əməliyyatlara təsiri, qeyri-maddi aktivlər və maliyyə əməliyyatları ilə bağlı transfer qiymətlərinin tətbiqi, məlumatların məcburi açıqlaması Qaydaları (BEPS 12-ci Fəaliyyət) və risklərin müəyyənləşdirilməsində ölkələrarası hesabatların effektiv istifadəsinə dair təqdimatlar edilib və qrup müzakirələri aparılıb.