İndiyədək 70 sahibkar qadın Qarabağda biznes qurmaq üçün müraciət edib

2022.12.14 17:08 (UTC+04:00)

Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən, eləcə də digər iş və xidmətlərini təklif edən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1332 müraciət daxil olub və bunlardan 70-i qadın sahibkarlara aiddir.

Bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Milli Məclisdə dekabrın 14-də “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmələr zamanı deyib.

“Onların 37-si investisiya layihələri, 13-ü iş və xidmətlərlə bağlı və 20-si isə digər vətəndaş müraciətləridir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdiyi layihələrin 29-u ticarət və xidmət, 12-si sənaye, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olub.

Ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi və sosial inkişafa nail olunması, bu sahədə yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolunu önəmli hesab edirik. Son illər qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcək. 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir”, - deyə KOBİA sədri vurğulayıb.

O.Məmmədov diqqətə çatdırıb ki, regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək.