Türkiyədə düyü idxalı üçün gömrük rüsumunun dərəcəsi sıfıra endirilib

2022.12.16 13:10 (UTC+04:00)

Türkiyə Cümhuriyyəti Prezidentinin “İdxal rejimi qərarında dəyişiklik edilməsi haqqında” sərəncamına əsasən, düyü növləri və çəltik idxalının mənşə ölkələrinə görə gömrük rüsumlarını müəyyən edən siyahıya yeni bir qeyd əlavə edilib. Bununla düyü idxalına tətbiq edilən gömrük rüsumları 31 avqust 2023-cü il tarixinədək sıfıra endirilib və qərar artıq qüvvəyə minib.

Qeyd edək ki, dəyişiklik edilməzdən əvvəl yalnız Bosniya və Herseqovinadan idxala sıfır dərəcə gömrük rüsumu tətbiq edilirdi, digər ölkələrdən və ölkə qruplarından Türkiyəyə gətirilən məhsullara görə isə məhsuldan asılı olaraq 5,6 faizlə 45 faiz arasında dəyişən gömrük rüsumları tutulurdu. Düyü və çəltik idxal edilən ölkələr arasında Çin, Rusiya, Pakistan, Argentina, Yunanıstan, Hindistan, Ukrayna, ABŞ, Myanma və Bolqarıstan var.