İki müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb

2022.12.13 15:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir.

Yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan “Bakı Qida və Yağ Fabriki” MMC və “Sun Food” MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.