Avropa İttifaqı (Aİ) birlik daxilində saxtakarlıqla mübarizə aparmaq üçün vergi sistemini təkmilləşdirir. “Financial Times” qəzetinin məlumatına görə, vergi sisteminin islahatı Aİ-nin bir neçə ölkəsində fəaliyyət göstərən şirkətlərdən eyni vaxtda real vaxt rejimində rəqəmsal hesabat standartlarına riayət etməyi, yəni bütün transsərhəd əməliyyatlar barədə dərhal məlumat verməyi tələb edəcək. "Bu, Avropada ƏDV sistemini modernləşdirəcək və onu biznes üçün daha səmərəli və fırıldaqçılığa qarşı davamlı edəcək", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Nəzərdə tutulan dəyişiklik “karusel fırıldaqları” adlandırılan faktla mübarizə aparmağa imkan verəcək. “Karuselə” əl atan sahibkarlar Aİ-nin digər üzv dövlətindən malları ƏDV-siz idxal edib, sonra isə ƏDV ilə satır və aradakı fərqi mənimsəyirlər. “Financial Times” qəzetinin məqaləsində vurğulanıb ki, ötən həftə Avropa prokurorluğu təxminən 2,2 milyard avro məbləğində analoji fırıldaqçılıq faktını aşkar edib. Avropanın 14 ölkəsində aparılan istintaq 18 aydan çox çəkib. Ekspertlər bildirirlər ki, yeni vergi nəzarəti sistemi belə halların araşdırılmasını xeyli sadələşdirəcək və sürətləndirəcək. Ekspertlərin fikrincə, bu, 1993-cü ildə vahid bazarın yaradılmasından sonra Aİ-də aparılan ən böyük vergi islahatı olacaq. RSM mühasibat firmasının ƏDV mütəxəssisi Sarah Halsted “Financial Times” qəzetinə açıqlamasında deyib: "Bu, Aİ-ni yeni dövrə aparacaq".
Bundan əlavə, ƏDV islahatı Aİ-nin vergi gəlirlərini ildə ən azı 18 milyard avro artıracaq.
Qeyd edək ki, Aİ-yə üzv dövlətlər üçün ƏDV ən böyük vergi gəliri mənbəyidir. 2020-ci ildə Aİ ölkələrinin xəzinəsinə daxil olan ƏDV-nin məbləği bir trilyon avrodan çox olub.