Baş nazir Əli Əsədov: "Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem gözlənilmir"

2022.12.09 12:44 (UTC+04:00)

Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem yoxdur və gözlənilmir. Çünki dövlətimiz bu istiqamətdə preventiv tədbirlər görür.

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

Dövlət büdcəsində tənzimləmənin və balansın qorunmasının vacibliyini vurğulayan Baş nazir bildirib ki, dünyada baş verən proseslər, enerji qiymətlərinin artması və digər məsələlər öz mənfi təsirini göstərir. Bu təsirlərə qarşı gəlmək üçün yeni makrofiskal çərçivə müəyyən olunub.

Əli Əsədov diqqətə çatdırıb ki, gələn ilin dövlət büdcəsində şəhid ailələrinin, qazilərin, ümumiyyətlə, həssas qrupdan olan insanlara sosial dəstək tədbirlərinin göstərilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, insanlarının rifah halının yaxşılaşdırılması dövlətimizin diqqətindədir.

AZƏRTAC